Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, prof. Mustafa Babanlı və rəhbərlik etdiyi nümayəndə heyəti Nəcməddin Ərbakan Universitetinin rektoru prof. Cem Zorlunun dəvəti ilə Türkiyəyə rəsmi səfəri çərçivəsində oktyabrın 17-də həmin universitetdə olub.
"Unikal" xəbər verir ki, Nəcməddin Ərbakan universitetinin kampus və elmi tədqiqat layihələri ilə tanışlıqdan sonra iki ali məktəb arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüş keçirilib.
Görüşdə ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub. ADNSU-nun rektoru, prof.M.Babanlı və Nəcməddin Ərbakan Universitetinin rektoru, prof. C.Zorlu universitetlər arasında akkreditə olmuş ixtisaslarda ikili diplom layihələri, bəzi ixtisaslarda dəvətli professorların çağırılması və müştərək ikili məqsədli elmi layihələrin işlənib hazırlanması, DATA Mərkəzi, elektron kitabxana, startap, transfer texnologiyaları mərkəzləri arasında əlaqələrin qurulması və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan Memorandum imzalayıblar.