Oktyabrın 19-da  “Baku Marriott Hotel”in  konfrans zalında ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, bütövlükdə regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunan “Yeni Azərbaycan Partiyası-30” mövzusunda konfrans keçirildi.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək Ümummilli Liderin abidəsi önünə qızıl gül dəstələri düzdülər.

Sonra “Baku Marriot Hotel”də davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və  müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi.

Cəmiyyətdə böyük nüfuza, siyasi çəkiyə malik, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının 30 illik  fəaliyyətini özündə əks etdirən film nümayiş olundu.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə   qalib Azərbaycanın bugünkü uğurlarının fonunda dünənimizə nəzər salaraq   cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amillərdən bəhs etdi: “Partiyanın yaradılmasından ötən 30 illik zaman məsafəsi dünənimizə baxış fonunda bugünümüzün reallıqlarının təhlili və  onların əsasında perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin bir dövrdür. İllər biri-birini əvəzlədikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur və düzgün qiymətləndirmənin aparılması üçün daha geniş imkanlar yaranır.  Yeni Azərbaycan Partiyasının yaradılmasının səbəbi  xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının  ulu öndər Heydər Əliyevə müraciətinin adında özünün aydın ifadəsini tapır «Azərbaycan Sizin sözünüzü gözləyir”. Bu, o illər idi ki, ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürür, iqtisadi böhran tüğyan edir, eyni zamanda, torpaqlarımız biri-birinin ardınca işğal olunurdu. Xalqın sabaha ümidləri tamamilə  itmişdi.  Belə bir çətin dövrdə  Azərbaycan ziyalıları  Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərliyi  dahi şəxsiyyət Heydər Əliyevin  etməsi ilə bağlı  Ümummilli Liderə müraciət etdilər. Şübhəsiz ki, Vətənini, xalqını canından artıq sevən, hər zaman Azərbaycanın gələcəyi barədə düşünən, ölkəmizin müstəqilliyini  tarixi nailiyyətimiz kimi dəyərləndirən ulu öndər Heydər Əliyev xalqın yaşadığı çətin vəziyyətə biganə qala bilməzdi.  Ümummilli Liderin ziyalıların müraciətinə “Yeni Azərbaycan uğrunda”  cavabı da  bugünkü inkişafın   prioritetlərinin təqdimatı oldu. Təsis konfransını məlum səbəblərdən  Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yaradılmasından çox keçmədi ki,  iqtidar partiyasına çevrildi.  1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi  əsasında  hakimiyyətə qayıdışı ilə  həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı.”

 Vüqar Rəhimzadə vurğuladı ki,  ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdi: “Bu tezis bütün dövrlərdə öz aktuallığını  qoruyaraq Yeni Azərbaycan Partiyasının  fəaliyyətinə bələdçilik  edir. 2003-cü ildən  ulu öndər Heydər Əliyevin siyasi  kursunu bütün sahələrdə uğurla davam etdirən  Prezident  İlham Əliyevin  rəhbərliyi ilə  Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi, regionun aparıcı siyasi təşkilatına çevrildi. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin göstəricisidir.”

   YAP Xətai rayon təşkilatının sədri  keçilən yolun təhlili fonunda bu fikri xüsusi qeyd etdi  ki,  artıq tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlar bütün sahələrdə  təkmil islahatların həyata keçirilməsini bir zərurət  kimi qarşıya qoydu. Bu baxımdan Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimiz ruhunda keçirilən VII qurultayı yeni hədəflərin təqdimatı oldu.  Yeni tərkib, yeni qərarlar partiyanın qarşısında geniş üfüqlər açdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini seçilməsi də bu yeniliklər sırasında oldu. Birgə səyləri nəticəsində  ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı zirvələrə yüksəldən dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələrin icra edilməsi istiqamətində  uğurla fəaliyyət göstərirlər.  Yeni Azərbaycan Partiyasının VII qurultayında dövlət başçısı, YAP Sədri  İlham Əliyevin  “Yeni Azərbaycan Partiyası  bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində olacaq”   çağırışı qarşıdakı dövrün aydın mənzərəsini təqdim edir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Azərbaycanın bu gününü dünəni ilə müqayisə edərək  Heydər Əliyev yolunun hər zaman ölkəmizə davamlı  uğurlar qazandırdığını bildirdi: «Artıq bu gün qalib Azərbaycandan danışırıq. Bu sevinci bizə yaşadan  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli  Azərbaycan Ordusuna minnətdarıq. Canları, qanları ilə  tarix yazaraq şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir,  qazilərimizə Allahdan şəfa diləyirik. Onlar Vətən müharibəsində qazandığımız  tarixi Zəfərimizin qəhrəmanlarıdırlar. Qalib ölkənin vətəndaşı olmaq böyük qürur və məsuliyyətdir. Hər bir  kəs Azərbaycanın daha uğurlu gələcəyi üçün səylərini artırmalı, postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə öz töhfəsini verməlidir.”

    Rafiq Quluyev Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının  öz payı olduğunu önə çəkərək onu da əlavə etdi ki, dövlətə, xalqa xidmət partiyanın fəaliyyətinin ana xəttini təşkil edir.  Yarandığı gündən sözlə əməl birliyi partiyanın nüfuzunu  gündən-günə artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir, yeni-yeni hədəflərə nail olmaq üçün töhfələr  verməsində stimul  rolunu oynayır.  Partiyanın irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət edir.

   Xətai Rayon İcra Hakimiyyətinin başçısı  30 illik  yubileyini   tarixi Zəfərimizin yaratdığı xoş ovqat əsasında qeyd edən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü təbrik etdi, yeni reallıqların  qarşıya qoyduğu  vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi işində onlara uğurlar arzuladı.

   Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin ulu öndər Heydər Əliyevin  qalib Azərbaycanımız üçün yaratdığı möhkəm təməldən geniş bəhs etdi. Bildirdi ki,   mənim fəaliyyətimin mühüm bir dövrü görkəmli siyasətçi və dövlət xadimi, ümummilli lider  Heydər Əliyevlə bağlı olub: “Ulu Öndər  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olarkən Onun rəhbərliyi altında çalışmış, o cümlədən Birinci katibin referenti vəzifəsində işləmişəm.”

 Millət vəkili  ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə ölkəmizin bu günü üçün  möhkəm təməl yaradıldığını, son 19 ildə bu siyasətin uğurlu davamının ölkəmizə  biri-birindən mühüm nailiyyətlər qazandırdığını böyük inamla bildirdi. Qeyd etdi ki, 30 illik yol qət edən Yeni  Azərbaycan Partiyasının bu illər ərzində əldə etdiyi zəngin təcrübə qarşıdakı illər üçün zəngin mənbədir.

YAP Veteranlar Şurasının  üzvü, professor Misir Mərdanov bildirdi ki, bu gün ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi təntənə ilə qeyd edilir. Ötən 30 il həm partiyanın, həm də ölkəmizin həyatında mühüm hadisələrlə zəngindir. Bu uğurların zirvəsində  dayanan tarixi Zəfərimizi şərtləndirən amillər 30 ilin təhlili fonunda aydın şəkildə görünür.  Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni hədəflərə doğru inamla irəliləyir. Partiyanın VII qurultayında dövlət  başçısı, YAP Sədri İlham Əliyevin söylədiyi “Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradılıb. Hesab edirəm ki bu, çox önəmli addımdır. Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər. Mən onlardan da xahiş edirəm ki, onlar da çox fəal olsunlar, bölgələrdə olsunlar, gənc nəslin nümayəndələri ilə görüşsünlər. Ölkə haqqında həqiqətləri gənc nəsil bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir. Çünki xaricdən, oradan-burdan yalan, saxta məlumatlar gəlir və bəzi hallarda gənc insanlar buna inanırlar. Məhz o hesabat da bunun üzərində qurulur və gənc nəslimizin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən biridir. Ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz – bütün bunlar bizim sərvətimizdir, biz bunu itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır” fikirləri gələcəklə bağlı çağırışların əsas tərkib hissəsidir.  Gənclərin dinamizmi ilə yaşlı nəslin  təcrübəsi arasında vəhdətin yaradılması hazırkı dövrün əsas tələbidir”.

    Misir Mərdanov vurğuladı ki,  tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Əminliklə söyləmək olar ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar, həmçinin dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına layiqli töhfəsini verəcək.

 

YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatının sədri,  akademik Vaqif Abbasov bildirdi ki, Yeni Azərbaycan Partiyası Vətənin, dövlətin ən ağır zamanlarında yaranıb və Azərbaycanı bugünkü inkişafa, qalibiyyətə gətirib çıxarıb: “21 noyabr 1992-ci ildə yaranan partiyamız ilk gündən  ümumxalq partiyasına çevrilərək xalqda sabaha  inam  yaratdı, qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirməklə ölkənin inkişafına, tərəqqisinə yol açdı. Ulu öndər   Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoydu.  Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə YAP-ın misilsiz xidmətləri var. Şərəfli inkişaf yolu keçən partiya müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayır, sıraları ildən-ilə genişlənir.”

Vaqif Abbasov Yeni Azərbaycan Partiyasına xidmətin dövlətə, xalqa xidmət olduğunu önə çəkərək bu fikri xüsusi qeyd etdi ki, YAP Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır: “Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir. YAP-ın 30  illik fəaliyyətinə nəzər saldıqda bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar.”

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, “91-lər”in üzvü, professor Ədalət Fərəcov çıxış edərək partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında böyük xidmətlərindən danışdı: “Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Bu partiyanın yaranması respublikamızın müasir tarixinin ən yaddaqalan hadisələrindəndir. YAP Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ulu öndər Heydər Əliyevin yüksək nüfuzu, xalqın ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində böyük nüfuz qazanmasını təmin edən mühüm faktorlardan birinə çevrildi. YAP qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycanın quruculuğunun həyata keçirilməsini təmin etdi.”

   Daha sonra çıxış edən ehtiyatda olan polkovnik Şair Ramaldanov, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev, bu gün YAP sıralarına üzv qəbul olunan Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazı Anar Məmmədov  və başqaları  çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin miqyasının ölçüyəgəlməzliyindən, YAP-ın ölkəmizin tarixində mühüm rolundan bəhs etdilər. Bildirdilər ki, tarixi  Zəfərimiz harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır və hazırda işğaldan azad edilmiş torpaqlarımızda geniş miqyas alan bərpa-quruculuq işlərində fəal iştirak etməyə çağırış edir.

   Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup  YAP üzvünə Fəxri fərmanlar və partiyanın üzvlük vəsiqəsi təqdim olundu.