İran hakimiyyəti iğtişaşlarda iştirak etdiklərinə görə Rusiya da daxil olmaqla 14 xarici ölkə vətəndaşını həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə çərşənbə günü Fars agentliyi məlumat yayıb .
Agentliyin məlumatına görə, araşdırma göstərib ki, ölkədə son iğtişaşlar zamanı Avstriya, Əfqanıstan, Böyük Britaniya, Rusiya, ABŞ, Fransa vətəndaşları həbs edilib. Onların əksəriyyəti Əfqanıstan vətəndaşlarıdır.
Agentlik həbslərin nə vaxt edildiyi və İranda neçə əcnəbinin saxlandığı barədə məlumat verməyib.
Sentyabrın 30-da İslam Respublikasının Kəşfiyyat Nazirliyi Almaniya, İtaliya, Hollandiya, Polşa, Fransa, İsveç və digər ölkələrin 9 vətəndaşının saxlanıldığını açıqlayıb.
İranda etirazlar sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. Rəsmi versiyaya görə, polis Əmini çadranı düzgün geyinmədiyi üçün saxlayıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb. Oktyabrın 7-də İranın Ədliyyə Tibb Təşkilatı qızın ölüm səbəbi ilə bağlı rəsmi hesabat yayıb və onun xəsarət almadığını bildirib.
Gültəkin Ələsgər