“Xəbəriniz varmı ki, Yunanıstan qeyri-rəsmi olaraq yalnız Türkiyə və Azərbaycan vətəndaşlarına yunan Kiprinə getməyi qadağan edir?! Hətta bizim Şengen vizamız olduğu təqdirdə belə, əlavə olaraq yunan Kiprinin ayrıca vizası tələb edilir”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli bildirib.
Məlum olub ki, dünən yunan Kiprində keçirilən bir toplantıya gedən azərbaycanlı jurnalist Yunanıstandan geri qaytarılıb.
“Absurddur, amma acı reallıqdır... Deməli, dünən - okytabrın 19-da mən Avropa Mətbuat Şuraları Alyansının (AIPCE) yunan Kiprində keçirilən illik toplantısına qatılmaq üçün bu ölkəyə səfər etməliydim. Postpandemiya və Rusiya-Ukrayna müharibəsi fonunda, min bir əziyyətlə və çox baha qiymətlərlə təyyarə biletlərini əldə edib yola düşdüm. Birbaşa olmadığına görə digər ölkə üzərindən Yunanıstan paytaxtı Afinaya çatdım. Və ordan yunan Kiprinə, söylədiyim səbəb üzündən buraxılmadım... Afina hava limanında 5 saatlıq mücadiləm də müsbət nəticə vermədi. Məsələyə məni dəvət edən tərəfin, Avropa Mətbuat Şuralarının müdaxilə etməsinin də xeyri olmadı. Durumumu düşünün... 4 günlük tədbirə gediş-dönüş uçaq biletlərim alınıb, otel rezervasiya edilib... və mən kor-peşiman geri dönməliyəm. Allah bunu heç düşmənimə də... yox yunan qarışıq kiprlilərə qismət eləsin, düşməndilər ki, düşmən. Bunu deyirəm ki, ora səfər edənlər nəzərə alsın, bilməyənlər bilsin”, - deyə Y.Məmmədli bildirib.