“Azərbaycan mediası müasir çağırışlara uyğunlaşmaq və daha çevik reaksiya vermək məqsədilə bir müddətdir ki, yeni islahatlar mərhələsinə qədəm qoyub. 2021-ci il yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb və bununla da media sahəsində köklü dəyişikliklərin yeni mərhələsi başlanıb”.
"Unikal" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib. Onun sözlərinə görə, həmin Fərmana əsasən yaradılmış Medianın İnkişafı Agentliyi media subyektlərinin davamlı inkişafına yönəlik strategiya həyata keçirməkdədir:
“Agentlik fəaliyyətinin əsas hədəflərindən biri kimi media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məsələsini daim diqqətdə saxlayır, bu məqsədlə müvafiq təhlil və araşdırmalar aparır, həmçinin beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görür”.
Ə. İsmayılov deyib ki, Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyası dünyamızın reallıqları fonunda daha böyük əhəmiyyət kəsb edir:
“Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur. Birgə Media Platformamızın məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Bu istiqamətdə əsas fəaliyyətimiz ölkələrimiz haqqında həqiqətlərin beynəlxalq mediada dünya ictimaiyyətinə düzgün çatdırmaqdır.
Bu ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Həmçinin bu ilin avqustunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu” imzalanıb.
Türk Dövlətləri Təşkilatının üzvü olan bu qardaş respublikalarla imzaladığımız anlaşma memorandumları çərçivəsində media məkanında milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi, o cümlədən media sahəsində qarşılıqlı əlaqələrin yaradılması nəzərdə tutulur”.
Agentliyin İcraçı direktoru qeyd edib ki, ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün bütün Türk Dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyac var:
“Media subyektlərimiz öz peşəkar missiyasını bütün müstəvilərdə vahid idealogiya ilə yerinə yetirdiyi təqdirdə səsimiz daha güclü olacaq və daha aydın eşidiləcək”.