"Avropanın zəifləməsi Ankaranın iqtisadi maraqlarına ziddir".

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Qərblə Rusiya Federasiyası arasında rəqabət son 30 ildə pik həddinə çatıb və Rusiya ilə Ukrayna arasında müharibə böyük dönüş nöqtəsinə çevrilib.

“Artıq “çirkli bombalar” adlandırılan taktiki nüvə silahlarının və ya kütləvi qırğın silahlarının istifadəsi ilə bağlı danışıqlar gedir. Qlobal böhranın spiralından danışmaq olar. Bir-birini qidalandıran çoxlu böhranlar var. İqtisadi böhran, qlobal inflyasiya, ekoloji problemlər, terrorizm, islamofobiya, qeyri-qanuni miqrasiya kimi qlobal problemlər, o cümlədən vətəndaş müharibələri, çevrilişlər, ksenofobiya kimi regional problemlər daha da dərinləşir”.

Çavuşoğlu hesab edir ki, bu gün Avropanın mərkəzində “şərti müharibə” gedir. “Əgər biz Avropa qitəsinin bir hissəsiyiksə, regional güc və qlobal aktor kimi bu qitədəki böhranların aradan qaldırılmasına öz töhfəmizi verməliyik. Avropanı tənqid etmək üçün çoxlu səbəblər var - ikili standartlar, ikiüzlülük, uzaqgörənlik, daha çox saymaq olar. Amma Avropanın bir qitə kimi zəifləməsi Türkiyənin əlində olmayacaq, bizim iqtisadi maraqlarımıza ziddir. Avropanın sabitliyi hamımız üçün vacibdir”, - Çavuşoğlu bildirib.

Gültəkin Ələsgər