“Bu yaxınlarda korpus komandirinin müavini Babək Səmidlinin səs yazısı yayıldı. O öz səs yazısında deyirdi ki, müharibə dövründə bizim əsgərlərimizin 40 faizi qoruyucu gödəkçələrlə təmin olunmayıb”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2023-cü il dövlət büdcəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, bunu heç kimdən gizlətmək mümkün deyil:

"Sosial şəbəkələrdə xeyli vaxtdır ki, müzakirə mövzusudur. Əvvəla, aydınlıq gətirilməlidir ki, bu, Babək Səmədlinin öz səsidir, ya yox. Öz səsidirsə, buna aydınlıq gətirilməlidir ki, niyə bu belədir?! Ona görə mən hesab edirəm ki, orduya ayrılan vəsait artırılmalıdır.

Milli Məclisin sədr müavini Əli Hüseynli isə bildirib ki, Babək Səmidlinin səs yazısı iddiadır, yayılıb. O qeyd edib ki, bu, Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməyib:

"Səsin yayılması ordumuza kölgə salmaq məqsədi daşıyır. Bu gün ordu quruculuğunda çox mühüm işlər görülür. Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmayan səs yazısına nə reaksiya verilməlidir? Ordunun təminatı, təchizatı göz qarşısındadır. Hesab edirəm ki, səsin yayılmasının məqsədi ordumuzun işinə kölgə salmaqdır”.