"Bizim uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici dövlət borcumuzu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu da həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
"Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Bir neçə il bundan əvvəl mənim göstərişimlə aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər", - dövlət başçısı bildirib.