"Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu haqda çox danışmaq olar, sadəcə olaraq, bir neçə məqamı qeyd etmək istəyirəm. Biz MDB məkanında birinci ölkə olduq ki, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Biz 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədr seçildik və uğurlu sədrliyimizə görə bizim sədrlik müddətimiz bir il daha uzadıldı, gələn ilin sonuna qədər biz sədrlik edəcəyik".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
Dövlət başçısı bildirib ki, biz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət göstəririk:
"Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Biz bu təşkilatın üzvü deyilik, Ermənistan bu təşkilatın üzvüdür və bu təşkilat xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir. Ancaq bu təşkilatın digər üzvləri bu təxribata getmədilər. Bəziləri isə öz çıxışlarında Ermənistanı elə günə qoydular ki, Ermənistanda bu günə qədər də bunu yaddan çıxara bilmirlər. Yəni, bu, nəyi göstərir? Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Nəyə görə? Siyasətimizə görə, bizim etibar tərəfdaş olmağımıza görə. Ermənistana nə üçün münasibət mənfidir? Ona görə ki, onlar hər yerdə yalan danışırlar və öz problemlərini həll etmək üçün necə deyərlər, daha qapı qalmayıb ki, oraya müraciət etməsinlər. Bütün bunlar göz qabağındadır, hər kəs bunu görür, hər kəs bunu bilir".