"Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
"Onlar bir-birinə bacı deyirlər və onların özü də mən görürəm, yoldaşlar xüsusilə bunu qeyd etdilər. Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər bunlar. Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırıq. Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Biz xarici siyasət konsepsiyamızda əməkdaşlıq, dostluq prinsiplərini üstün tuturuq və imkan daxilində ehtiyacı olan ölkələrə kömək göstəririk, necə ki, COVID dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Yəni, bu, böyük məsələdir. Əlbəttə ki, beynəlxalq arenada özümüzü ləyaqətlə aparmağımız bizə əlavə hörmət qazandırdı", - Azərbaycan Prezidenti qeyd edib.