"Siyasi partiyaların sayını süni surətdə azaltmaq olmaz. Partiyaları cəmiyyət özü saf-çürük etməlidir. Ona görə də nə dövlətin, nə də cəmiyyətin qarşısında belə bir məqsəd yoxdur".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa Azərbaycanda siyasi partiyaların sayının çox olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərəkən deyib.
Deputat bildirib ki, hansı partiya öz fəaliyyətini normal tənzimləyə bilməyəcəksə, özü sıradan çıxacaq: "Partiyanın təbliğatı zəif olacaqsa, bu da müəyyən problemlər yaradacaq. "Siyasi partiyalar haqqında" qanun layihəsi bu ilin sonuna qədər qəbul olunsa, qarşıdakı ildən yeni bir qanunla, aktiv, canlanmış siyasi həyatı müşahidə edəcəyik".
Azərbaycanda proporsional seçki sisteminə keçidin mümkün ola biləcəyinə gəlincə, F.Mustafa qeyd edib ki, "Siyasi partiyalar haqqında" qanun seçki sistemi ilə elə bir əlaqəsi yoxdur:
"Seçki sistemi konstitusiyada nəzərdə tutula bilər. Əgər referendum olarsa, həmin məsələyə baxıla bilər. Proporsional seçki sisteminə keçilməsi partiyaların inkişafı üçün əsas amillərdən biridir. Yəqin ki, bu məsələ də müzakirə olunacaq", - deyə MM üzvü qeyd edib.
Anar Kəlbiyev