"İkitərəfli danışıqlarda dinamizmin artmasına baxmayaraq, əldə edilən irəliləyiş kifayət qədər məhdud olaraq qalır, çünki Ermənistan keçmiş imitasiya təcrübəsini davam edir".
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib.
Nazir bildirib ki, Ermənistan dövlətlərarası normallaşmanın hər üç əsas istiqaməti, yəni, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə davam edir.
“Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Eyni şəkildə, Ermənistan kommunikasiya əlaqələrinin bərpasını süni şəkildə gecikdirir, o cümlədən Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasından imtina edir. Bunun əvəzinə, sentyabrın ortalarında delimitasiya olunmamış dövlət sərhədi boyunca təxribatdan sonra Ermənistan normallaşma gündəliyini pozmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı.Ermənistanın revanşist davranışının təşviqində müəyyən üçüncü tərəflərin rolu da ciddi narahatlıq doğurur. Bu, Ermənistanı hərbi təxribatları və döyüş ritorikasını gücləndirməyə sövq edir”, - nazir qeyd edib.