"Azərbaycan, həmçinin postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını onların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlara sahib olmasına zəmanət verməklə yenidən cəmiyyətimizə inteqrasiya etmək niyyətindədir. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası mühüm hüquqi baza təmin edir".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib.
Nazir bildirib ki, Azərbaycan hökuməti ilə yerli etnik erməni sakinlər arasında dialoqun və təmasların genişləndirilməsi dinc birgə yaşayışın təmin edilməsinə istiqamətlənib, prosesin təşviq edilməsi və dəstəklənməsinə ehtiyac var.
C.Bayramov qeyd edib ki, Azərbaycan ərazilərinin mina və digər partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsi postmünaqişə dövründə aparılan işlər üçün əsas təhdiddir:
"Azərbaycan mina təmizləmə sahəsində Avropa İttifaqının humanitar yardımını yüksək qiymətləndirir. Bununla belə, problemin miqyasını və ciddiliyini nəzərə alaraq, onunla mübarizədə beynəlxalq həmrəylik və dəstək mühüm əhəmiyyət daşıyır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından bəri 268 azərbaycanlı mina partlayışlarının qurbanı olub, onlardan 45 nəfər vəfat edib, 223 nəfər yaralanıb. Mina qurbanlarından 9-u uşaq və gənc, 1-i qadın, 3-ü KİV nümayəndəsidir. Gündəlik əsasda artan insan itkisinə məhəl qoymayan Ermənistan minalanmış ərazilər haqqında tam və dəqiq məlumat paylaşmaqdan imtina edir. Habelə, Ermənistan Azərbaycan ərazilərində kütləvi şəkildə yeni minalar yerləşdirir”.