“Rusiya sülhməramlılarına məktublar yollamışıq, onların komandiri ilə əlaqə saxlayırıq”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Elnur Məmmədovla birgə diplomatik korpusun nümayəndələri ilə görüşündə deyib.
Prezidentin köməkçisi qeyd edib ki, eyni zamanda, bu məsələlər Azərbaycan cəmiyyətində ciddi narazılıqlara səbəb olub. “Çünki hər kəs çox yaxşı xəbərdardır ki, işğal illərində və ərazilərin işğaldan azad olduğu dövrdə Azərbaycanın suverenliyi ilə bağlı məsələlər cəmiyyətimizdə ciddi narahatlıq doğurur. Buna görə də Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər fəallar və qruplar Şuşa-Xankəndi-Laçın yolunun kəsişməsində toplaşaraq etirazlarını bildiriblər”.
H.Hacıyev vurğulayıb ki, etirazçıların söylədikləri fikirlər bütün hüquqi çərçivələrə uyğundur: “Onlar qanuni tələblər irəli sürürlər, qeyri-qanuni heç nə istəmirlər. Həmçinin onların səsləndirdikləri şüarlarda ekoloji terrordan da bəhs olunur. Onlar Qarabağda ekoloji terrora son qoyulmasını tələb edirlər”.