"Bu gün Azərbaycan cəmiyyətinin diqqəti Şuşa-Xankəndi yolunun qovşağında olan aksiyadadır. Xalq bunun nə ilə nəticələnəcəyini gözləyirr”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. O bildirib ki, iki ildir Rusiya sülhməramlıları orada gecə-gündüz ermənilərlə təmasdadır:
“Bizim əhalimiz ora yerləşmədiyi üçün Rusiya sülhməramlıları bizim əhalinin nə istədiyini bilmir. İndi isə bizim xalqın nə istədiyini, iradəsini görürlər. Bir neçə gündür ermənilər orada baş verənləri soyqırımı və s. kimi adlarla təqdim etməyə çalışırlar. Otuz ildir Naxçıvan Azərbaycandan aralıdır. Biz bunu humanitar fəlakət, blokada kimi təqdim etmirik. Amma iki gündür ermənilər yolun bağlanmasını fəlakət kimi təqdim edirlər. Azərbaycan sərhədlərimizdə, Qarabağa gələn yolun üstündə bizim sərhəd və gömrük məntəqəmiz qurulmasını tələb etməli və buna nail olmalıdır”
Deputat eyni zamanda qeyd edib ki, əgər ermənilər 2020-ci il 10 noyabr sənədini qəbul etmirlərsə, deməli müharibənin bitdiyini qəbul etmirlər.
Anar Kəlbiyev