Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasın gündəliyində olan məsələlərin müzakirəsindən əvvəl Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 30-da imzalanmış müvafiq sərəncamları ilə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunmuş şəxslərə mükafatların təqdim olunması mərasimi keçirilib.
Mərasimdə YAP Mərkəzi Aparatının əməkdaşları, partiyanın Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin üzvləri və yerli təşkilatlarının sədrləri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov sona çatmaqda olan 2022-ci ilin ölkəmiz üçün əlamətdar hadisələrlə yadda qaldığını bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu il ərzində bütün sahələrdə mühüm nailiyyətlər qazanıb. Eyni zamanda, ölkəmizin beynəlxalq müstəvidə mövqeləri daha da möhkəmlənib, Avropanın enerji təhlükəsizliyində rolu daha da artıb. Azərbaycanın artan gücü və beynəlxalq miqyasda qazandığı nailiyyətlər Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik problemlərinin həllinə müsbət təsir göstərəcək.
Tahir Budaqov Yeni Azərbaycan Partiyasının da beynəlxalq əlaqələrinin uğurla inkişaf etdiyini deyib, bu müstəvidə türk dövlətlərinin siyasi partiyaları ilə əlaqələrin gücləndirilməsinin prioritet olduğunu diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin 2022-ci il dekabrın 18-də Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəyini və səfər çərçivəsində YAP, Türkiyənin Ədalət və İnkişaf Partiyası və Şimali Kipr Türk Cümhuriyyətinin Milli Birlik Partiyası arasında üçtərəfli formatda görüşün keçiriləcəyini vurğulayıb. YAP nümayəndə heyəti daha sonra Şimali Makedoniya Türk Demokratik Partiyasının dəvəti ilə bu ölkədə səfərdə olacaq.
YAP Mərkəzi Aparatının rəhbəri 2022-ci ilin əlamətdar hadisələri sırasında Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinin xüsusi yer tutduğunu diqqətə çatdırıb. O qeyd edib ki, partiyanın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq nəzərdə tutulmuş bütün tədbirlər tam həcmdə yerinə yetirilib, bütün şəhər və rayonlarda silsilə tədbirlər təşkil olunub. “Noyabrın 21-də Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin iştirakı ilə təntənəli yubiley tədbiri keçirilib. Cənab İlham Əliyev tədbirdə çıxışı zamanı partiyamızın zəngin və şərəfli inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi. Biz dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün fəaliyyətimizi ardıcıl olaraq davam etdirəcəyik”,-deyən Tahir Budaqov qeyd edib ki, YAP-ın 30 illik yubileyi münasibətilə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin müvafiq sərəncamları ilə partiyanın yaranmasında, təşkilatlanmasında və inkişafında xidmətləri olan 68 nəfər təltif olunub. YAP Sədrinin müavini təltif olunan şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra həmin şəxslərə təltiflər, eləcə də Yeni Azərbaycan Partiyasının hədiyyələri təqdim olunub. Dövlət başçısının müvafiq sərəncamları ilə təltif olunan şəxslər göstərilən etimada görə öz təşəkkürlərini bildiriblər.
Daha sonra YAP İdarə Heyətinin iclasının gündəliyində olan məsələlər müzakirə edilib. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib. İlk olaraq Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi ilə əlaqədar Tədbirlər Planının icrasının yekunlarına dair hesabat müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra hesabat qəbul olunub.
Sonra iclasda “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi məsələsi müzakirə edilib. Tahir Budaqov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il sentyabrın 29-da “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. “Heydər Əliyev İli” ilə əlaqədar təsdiqlənən Tədbirlər Planı olduqca zəngin, rəngarəng və çoxşaxəlidir. Yeni Azərbaycan Partiyası da “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Müzakirələrdən sonra Tədbirlər Planı təsdiq edilib.
İclasda daha sonra Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə yeni üzvlərin daxil edilməsi məsələsinə baxılıb, Nazim Mehdi oğlu İsmayılov və Zərifə Rzaqulu qızı Quliyeva Veteranlar Şurasının üzvü seçilib.
İclasda, həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.