AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyeva 2022-ci il 10-11 dekabr tarixlərində Türkiyənin Bandırma Onyedi Eylül Universitetinin təşkilatçılığı ilə keçirilən Tətbiqi İqtisadiyyat və Maliyyə üzrə IX beynəlxalq elmi konfransda (International Conference on Applied Economics and Finance) iştirak edib.
"Unikal" xəbər verir ki, “Sənaye müəssisələrinin idarə edilməsində informasiya sistemləri” (Information systems in managament of industrial enterprises) mövzusunda məruzə edən A.Əliyeva çağdaş dünya ölkələrinin sənaye müəssisələrinin idarə edilməsində mövcud prinsiplər və informasiya texnologiyalarının rolundan bəhs edib. Müəssisənin idarə edilməsinin müasir metodlarının mükəmməl texnoloji həllər tələb etdiyini qeyd edən alim informasiya sistemlərinin inkişaf səviyyəsinin müəssisə menecmenti üçün yeni imkanlar yaratdığını bildirib.
Alim bildirib ki, artan rəqabət mühitində sənaye müəssisəsinin effektivliyini artırmaq üçün vacib məsələ informasiyanın işlənməsidir. Məhz intellektual texnologiyaların tətbiq olunması ilə yaradılmış effektli informasiya sistemləri həm avtomatlaşdırılmış sistemlərlə idarəetməni təşkil etməkdə, həm də xarici informasiya resurslarına yol açmaqdadır. A.Əliyeva bu istiqamətdə ölkəmizdə görülən yüksək əhəmiyyətə malik işlərdən söz açıb. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, müzakirələr aparılıb.
Qeyd edək ki, sözügedən konfrans iqtisadiyyat, maliyyə və sosial elmlərlə maraqlanan yerli və beynəlxalq tədqiqatçıları, akademikləri, menecerləri və tələbələri bir araya gətirərək müvafiq sahələrdə mövcud elmi və praktiki problemlərin müzakirəsi və həll yollarının aşkarlanması məqsədi daşıyır.