Baş dərisində təxminən 100 min ədəd saç teli var. Daramaqdan və yumaqdan asılı olaraq hər gün 100-150 ədəd saç telini itiririk. Saç tökülməsi genetikadan, qidalanmadan, hormonal problemlərdən, stress və bu kimi bir çox səbəbdən yarana bilər. Adətən saç tökülməsi 2 ay müddətində davam edir və dayanır.
"Unikal" Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, hər gün 50-100 ədəd saç tökülməsi normal hesab edilir. Əgər bu miqdar artarsa, mütəxəssisə müraciət etməyiniz məsləhətdir.
Saç tökülməsi kişilərdə və qadınlarda fərqli səbəblərdən yarana bilər. Kişilərdə rast gəlinən saç tökülməsi adətən genetik olur. Erkən yaşda başlayan müalicə ilə saçların tam tökülməsinin qarşısı alına bilər.
Genetik səbəblərdən yaranan saç tökülməsi probleminə qadınlarda da rast gəlinir. Eyni zamanda qadınlarda qeyri-sağlam qidalanma, stress və psixo-emosional zərbələr, doğuşdan sonrakı dövrlərdə qadınların orqanizminin zəifləməsi, yanlış pəhrizlər, vitamin, zülal və mikroelementlərin çatışmazlığı saç tökülməsinin ilkin səbəbi ola bilər.
Ekzema, sızanaq, liken, həddindən artıq yağlı dəri, göbələk kimi dəri xəstəlikləri də saç tökülməsini artıran səbəblərdir.
Bu problemin müalicəsi üçün ilk olaraq saç tökülməsinə səbəb olan amilləri aşkar etmək lazımdır. Ətrafdan gələn yanlış istiqamətlər və məlumatlar xəstələrin vaxt itirməsinə səbəb ola bilər. Saç tökülməsinin qarşısını almaq düşüncəsi ilə şüursuz şəkildə tətbiq olunan saç maskaları saçlara daha çox zərər verir. Bu səbəbdən problemlə bağlı mütəxəssis-dermatoloqa müraciət etmək daha məqsədəuyğundur.