Deputat Fazil Mustafa yerli telekanallarda çalışan jurnalistlərə irad bildirib.
"Unikal" xəbər verir ki, millət vəkili "facebook" hesabındakı paylaşımında telekanal rəhbərlərinə müraciət ünvanlayıb, dini cahilliyi təbliğ edən verilişləri yayımlamamağı xahiş edib.
"Hörmətli televiziya rəhbərləri! Xahiş edirəm, tabeçiliyinizdə olan jurnalistlərə tapşırıq verin ki, dini cahilliyi təbliğ edən verilişlər, süjetlər yaymasınlar. Adam bir ziyarətgahı göstərib deyir ki, burada 5-ci imamın bacısının qızı dəfn olunub, adamlar gəlib burada şəfa tapırlar. Digər süjetdə də göstərilən məzarlarda ya peyğəmbərin xalası nəticəsi, ya da 6-cı imamın əmisi uşağı yatır, cahil insanlar da buranı pirə çeviriblər. Adam axtarsa, heç özünün üç arxa dönənini müəyyənləşdirə bilməz, elə inamla deyir ki, sanki peyğəmbərin və imamların qohum əqrabalarının çoxu ölməyə Azərbaycana gəlib. Burdan-bura Rusiyada sürgündə dünyasını dəyişmiş böyük aydınımız Yusif Vəzir Çəmənzəminlinin məzarını tapa bilmirik, bunlar haçansa bura ərə gəlmiş məchul bir xanımın məzarı üstündə məqbərə tikib, imamın xalası nəvəsi kimi məzarına səcdə etməyə gedirlər.
Xalqımızın əhəmiyyətli hissəsinin cahillik mazoxizmini həyat tərzinə çevirməsi bir reallıqdır, ancaq bunu ciddi informasiya kimi televiziyalar tirajlamamalıdır. Təcrübə göstərir ki, bu cür elmi və mənəvi dəyəri olmayan təbliğata inananlar həmişə çox olur", - deyə Milli Məclisin üzvü vurğulayıb.