Ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsindəki çıxışında təhdid dolu fikirlər səsləndirib. Belə ki, o, Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifini irəli sürüb.
Məsələ ilə bağlı deputat Elman Nəsirov "Unikal"a açıqlama verib:
"Azərbaycan xalqının belə bir misalı var: "İtdən soruşurlar ki, niyə hürürsən? Deyir ki, qorxuduram. Soruşurlar ki, bəs niyə quyruğunu yelləyirsən? Deyir ki, axı özüm də qorxuram".
Ermənistanın siyasi rəhbərliyi də oxşar bir vəziyyətdədir. Onlar bizə "xox" gəlmək, qorxutmaq istəyirlər. Guya ki, onlar ermənipərəst dairələrin dəstəyi ilə ürəkləniblər, amma bunlar hamısı boş şeydir. Azərbaycanın işi haqq işidir. Azərbaycan tarixi qələbəsinə imza atmış dövlətdir.
Bizim Ordumuz 2020-ci ildə qələbə qazandığı vaxtdan da güclü və qüdrətlidir. İndi biz ən müasir silahlara malikik. Keçən müddət ərzində biz həm ən müasir silahları əldə etmişik, həm də özümüzün müdafiə sənayemiz daha da güclənib. Biz yeni silahlar istehsal edirik və bu istiqamətdə yeni zavodlar da istifadəyə veriləcək.
Əgər Ermənistan müharibəyə başlasa, bu onun sonunun başlanğıcı olacaq. Ermənistanın müharibəyə başlamaq üçün siyasi qərar qəbul etməsi Ermənistan hakimiyyətinin növbəti bağışlanmaz səhvi ola bilər. Necə ki, 2020-ci ilin 27 sentyabrında həmin səhvə imza atdılar və kapituliyasiya aktını imzalamağa məcbur oldular. Onlar ikinci dəfə belə bir səhvə imza atsalar, mənə elə gəlir ki, Ermənistanı heç kim xilas edə bilməyəcək. Prezident İlham Əliyevin də dediyi kimi, telefon zənglərinin və xahişlərin təsiri olmayacaq.
Ermənistanın siyasi rəhbərliyi, istər Paşinyan, istərsə də Mirzoyan olsun, onlar öz ağıllarını başlarına yığsınlar. Bilsinlər ki, Ermənistanın gələcək taleyi ancaq və ancaq sülh danışıqlarından keçir. Müharibə isə Ermənistan üçün fəlakətdir.
Azərbaycan müharibəni udub, indi biz sülh prosesini udmaqla məşğuluq. Biz sülhü hədəf olaraq seçmişik və buna nail olacağıq", - deyə o bildirib.
Murad İbrahimli