“Misir şirkətlərini Azərbaycanda müxtəlif layihələrə yatırım etməyə çağırırıq”.
"Unikal" xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Bakıda Azərbaycanın iş adamları ilə görüşündə bildirib.Ölkəmizə səfərindən məmnunluğunu bildirən Prezident Əbdülfəttah Əs-Sisi Misirin sadiq dostu, bu il 100 illik yubileyi qeyd ediləcək Ümummilli Lider Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlara nail olduğunu vurğulayıb. Prezident deyib ki, ölkələrimizin beynəlxalq ticarətdə əməkdaşlığı çox yüksək potensiala malikdir.
“Biz müxtəlif sahələrə investisiya yatırmağa böyük önəm veririk və Misir şirkətlərini Azərbaycanda müxtəlif layihələrə yatırım etməyə çağırırıq. Ölkələrimiz arasındakı potensial imkanları reallaşdırmağa çalışmalıyıq. Eyni zamanda, Azərbaycan şirkətlərinin Misirdə əczaçılıq, energetika, metallurgiya və digər sahələrə investisiya yatırmaları üçün imkanlar yaratmalıyıq”, - deyə Misir Prezidenti vurğulayıb.
Əbdülfəttah Əs-Sisi əlavə edib ki, ölkələrimizin müxtəlif sahələrdə mövcud olan potensialı və investisiya imkanları araşdırılmalı və reallaşdırılmalıdır.