Norveç hakimiyyəti Quranın yandırılması ilə bağlı krallıqda cümə günü keçirilməsi planlaşdırılan aksiyanı qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada gənclərlə görüşündə bildirib.
"Sabah Norveçdə müqəddəs kitabımız Qurana qarşı yönəlmiş aksiya ilə bağlı məlumat aldıqdan sonra Norveçin Ankaradakı səfirini nazirliyə çağırdıq. Onlar (Norveç hakimiyyəti) aksiya keçirmək üçün icazəni ləğv etdilər". - türkiyəli nazir bildirib.
Bundan əvvəl Norveçin Ankaradakı səfiri Erlinq Skonsberqin cümə axşamı Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldığı və Türkiyənin Oslodakı səfirliyində Quranı yandırmaq üçün planlaşdırılan aksiyaya görə ona etiraz edildiyi bildirilmişdi. Ona həmçinin bildirilib ki, Ankara “Norveç hakimiyyətinin bu aksiyaya qadağa qoymasını gözləyir”.
Türkiyə Xarici İşlər Nazirliyi də öz növbəsində “nifrət cinayəti sayılan bu cür təxribatçı hərəkətin qarşısını almayan Norveç hakimiyyətinin yanaşmasını pisləyib və qəti etirazını bildirib”. İdarədən bildiriblər ki, “belə davranış yolverilməzdir”.