Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ şəhəri, M.Mərdanov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 130m² olan birmərtəbəli üçotaqlı fərdi evin mətbəxində, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış dalğasının zərbəsindən mətbəxin pəncərə çərçivələri yerindən çıxıb, yanğın nəticəsində soyuducunun arxa hissəsində elektrik naqilləri və mətbəxin lambirindən ibarət divar üzlüyü 0,5m² sahədə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.