Fevral ayının 6-da saat 00:18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 1 (bir) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, sərhəd zastavasının xidməti ərazisi qapadılmış, sərhəd pozucusu müşahidə kameraları vasitəsilə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Mansurov Babək Rəfail oğlu olması müəyyən edilmiş, dövlət sərhədini narkotik vasitə gətirmək məqsədilə pozduğunu etiraf etmişdir.
Üzərinə baxış keçirilərkən ümumi çəkisi 7 kiloqram 165 qram narkotik vasitə “marixuana”, 0.005 qram “heroin”, 0.005 qram “metamfetamin”, 10 ədəd “metadon M-40” həbi, şəxsi istifadəsi üçün 1 büküm “tiryək” və 2 büküm “marixuana” aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.