Parlament Jurnalistləri Birliyi (PJB) altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2022-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
"Unikal"ın məlumatına görə, PJB-nin sədr müavini Aqil Aslan bildirib ki, ənənəvi olaraq deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirirlər. Onun sözlərinə görə, bu, PJB-nin sayca 16-cı sorğusudur:
“Bu sorğu da öncəki illərdə olduğu kimi 4 nominasiya üzrə aparılıb. Sorğu nəticəsində Milli Məclisin 2022-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib”.
“İlin ən fəal deputatı" nominasiyasının qalibləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Ceyhun Məmmədov və Siyavuş Novruzov olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2022-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.
“Qanunvericlik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri isə Qənirə Paşayeva, Əli Hüseynli, Məlahət İbrahimqızı, Əli Məsimli və Vüqar Bayramov olub.
“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri Vahid Əhmədov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, Fatma Yıldırım və Razi Nurullayev olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2022-ci ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri çətinliklərin həllinə yardımçı olduqlarına, həmçinin seçicilərin problemlərini parlamentdə qaldırdıqlarına görə müəyyən ediliblər.
“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri Tahir Mirkişili, Azay Quliyev, Erkin Qədirli, Nigar Arpadarai və Sevinc Fətəliyevadır.