"Bu, qəsdən törədilmiş hadisədir. Avropa İttifaqının məhdud kontingentinin Ermənistanda yerləşməsindən sonra onlar süni surətdə rəy yaratmağa çalışırlar. Şübhəm yoxdur ki, onlar özlərinin törətdikləri silahlı təxribatı Azərbaycanın üzərinə yıxmağa çalışacaqlar".
Bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə fevralın 21-də Azərbaycan Ordusunun mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən atəşə tutulmasına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, burada məqsəd sülh müqaviləsinin imzalanmasını uzatmaq və gərginliyi saxlamaqdır:
"Ancaq bu addımlar onlara heç bir xeyir gətirməyəcək. Azərbaycan öz ərazisi daxilində suveren hüquqlarını həyata keçirmək hüququna malikdir. Eyni zamanda, Azərbaycan istənilən təxribata qarşı ən kəskin cavabını verəcək. Kim bilməsə də, Ermənistan bunu çox yaxşı bilir", - deyə A.Mirzəzadə vurğulayıb.
Anar Kəlbiyev