"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gəlişi ilə rayonlarımızın atəşə tutulması hadisəsi arasında uyğunluq var".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, hazırda Azərbaycanla Ermənistanın siyasi rəhbərliyi arasında sülhün əldə olunması prosesində tərəqqi müşahidə olunur:
"Üstəlik, Avropa İttifaqının (Aİ) vasitəçilik etdiyi sülh prosesinin özündə də bir hərəkətlilik var. Rusiya həm Aİ-nin təşəbbüsü ələ almasından, həm də regiona Aİ-nin mülki müşahidəçilərini gəlməsindən çox narahatdır. Lavrovun Bakıya gəlməsinin arxasında da mühüm bir məqam gizlənir. Bu da ondan ibarətdir ki, Rusiya Aİ-nin və Amerika Birləşmiş Ştatlarının onu Cənubi Qafqazdan sıxışdırıb çıxarması ehtimalına görə təşviş içərisindədir".
Qabil Hüseynli qeyd edib ki, bu məsələdə əsas rolu Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası oynayır:
"Rusiyanın Ermənistana təzyiqinin artdığını görməkdəyik. Onlar Azərbaycanı guya strateji müttəfiq kimi gördüklərini də söyləyirlər. Azərbaycanın vasitəsilə regiondakı niyyətlərini həyata keçirməyə çalışırlar. Üstəlik, atəşkəs rejiminin pozulması Ermənistanda olan revanşist qüvvələrin və Daşnaksütun partiyasının tərəfdarlarının işidir. Zənnimcə, Ermənistanın siyasi rəhbərliyinin burada hər hansı təsiri yox dərəcəsindədir. Bu təxribat xarakterli hərəkətlər ciddi rezonans doğurmayacaq", - deyə o bildirib.
Murad İbrahimli