Martın 5-də ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsi kimi nüfuz qazanan, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr verən Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayından iki il keçir. Qurultay partiyanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Belə bir mühüm məqamı nəzərə alsaq ki, Azərbaycan beynəlxalq aləmdə, nüfuzlu maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi nüfuz qazanıb, bu halda ölkənin aparıcı siyasi təşkilatının həmin prosesdən kənarda qalması mümkünsüzdür. O da məlumdur ki, YAP-ın irəli sürdüyü təşəbbüslərdə ölkədə gedən islahatlar prosesinin daha da dərinləşdirilməsi istəyi özünün aydın ifadəsini tapır. Belə ki, partiyanın 2019-cu ilin sonunda ölkədə geniş vüsət alan islahatların parlamentdə də öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü də deyilənlərin təsdiqidir. Məhz bu təşəbbüs 2020-ci il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsinə yol açdı. Hər bir əlamətdar hadisə keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. 2020-il sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz yeni reallıqlar yaratdı. Bu reallıqlar Yeni Azərbaycan Partiyasının qarşısında da mühüm vəzifələr qoydu. Bu vəzifələrin müəyyənləşdirilməsi islahatlar prosesinin tərkib hissəsi kimi Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsini bir tələbə çevirdi. Qurultayda qəbul olunan yeni qərarlar partiyanın müasir çağırışları yüksək səviyyədə cavablandırmasında əhəmiyyətli rol oynadı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu. Dövr, zaman dəyişir, qarşıya yeni tələblər çıxır. Partiyanın 1992-ci ildə təsdiqlənən və “Yeni Azərbaycan uğrunda!” çağırışı özündə əks etdirən Proqramı həmin dövrün reallıqlarını cavablandırırdı. Amma artıq bu gün partiya “Biz birlikdə güclüyük!” devizi ilə 2021-ci ilin dekabrında təsdiqlənən yeni Proqramda əksini tapan müddəaların uğurla həyata keçirilməsi istiqamətində mühüm addımlar atır.
"Unikal" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, ötən müddət ərzində Yeni Azərbaycan Partiyasının həyatında biri-birindən əhəmiyyətli hadisələr baş verib. Ən əsası YAP qələbələr partiyası kimi böyük nüfuz qazanıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib. Təsis konfransını 1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nümayəndənin iştirakı ilə keçirən YAP bu gün 800 minə yaxın üzvü sıralarında birləşdirir. Yeni Nizamnamənin qəbulu, partiyanın fəaliyyətinin tənzimlənməsi üçün yeni mexanizmlərin müəyyənləşdirilməsi dövrün tələbi idi. Bu mühüm addımlar məhz VII qurultayda atıldı. YAP İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi partiyanın idarəetmə sistemində yeni mərhələnin başlanğıcı oldu. VII qurultayın mühüm hadisələrindən biri dövlət başçısı, YAP Sədri İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın YAP Sədrinin Birinci müavini təyin edilməsi oldu. Daim yeniliyə, təkmilləşməyə, Azərbaycanın yüksək səviyyədə təqdimatına xüsusi önəm verən Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas prinsipləri bu gün yeni vəzifələrin uğurlu icrasında öz sözünü deyir. Eyni zamanda, YAP Sədri, Prezident İlham Əliyevin Sərəncamı ilə partiyanın Sədr müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilən Tahir Budaqovun rəhbərliyi ilə Mərkəzi Aparat son iki ildə fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində quraraq, qarşıda dayanan vəzifələri uğurlu icra edir.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, partiyanın VII qurultayının müəyyən etdiyi əsas vəzifələrdən biri də partiyanın strukturunun yenilənməsi, yerli təşkilatların müasir çağırışlara uyğun yenidən qurulması idi. Partiyanın yeni Nizamnaməsinə uyğun olaraq partiyanın yerli təşkilatları yeni prinsiplər əsasında formalaşdırıldı. Son iki ilin uğurları səmərəliliyin yüksək səviyyədə təmin olunduğunu, hər bir rayon təşkilatının qarşıya qoyulan vəzifələri müasir tələblər səviyyəsində həyata keçirdiyini nümayiş etdirir.
“Partiyanın 5 fəsildən ibarət olan yeni Proqramı bugünümüz və sabahımız üçün mövcud çağırışların məcmusudur” söyləyən Vüqar Rəhimzadə bildirib ki, ötən il 30 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu dövrün hesabatını təqdim etdi. Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşması, müstəqilliyinin möhkəmləndirilməsi, dünya miqyasında böyük hörmət və diqqət göstərilən ölkəyə çevrilməsi, bütün sahələri əhatə edən islahatlara, davamlı inkişafa, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunması, vətəndaş həmrəyliyinin, milli birliyin bərqərar edilməsi, ərazi bütövlüyünün təmini, işğaldan azad edilmiş ərazilərimizdə yeni həyatın başlanması, bunların fonunda Prezident-xalq birliyinin daha da möhkəmlənməsi bu illərin uğurlarının ümumiləşdirilimiş ifadəsidir. Məhz bu uğurlara söykənərək dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII qurultayda bu inamı ifadə etdi ki, partiya bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Zəngin ənənələri olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, yeni Proqramda əsas hədəflərdən biri Böyük Qayıdış proqramının uğurlu icrasına, soydaşlarımızın tezliklə öz doğma yurd-yuvalarına dönüşünə dəstək olmaqdır. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ötən il partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə uğurlarımızın təhlili fonunda bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, biz Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.
Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının ölkəmizdə siyasi dialoq mühitinin daha da möhkəmləndirilməsi, siyasi partiyalar arasında birliyin, həmrəyliyin yaradılıması istiqamətində fəaliyyətini xüsusi qeyd etdi. VII qurultayda 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı YAP-ın cəmiyyətdə gündən-günə artan nüfuzunun göstəricilərindəndir. YAP-ın sözlə əməl birliyi, tutduğu yola sadiqliyi, dövrün, zamanın reallıqlarına uyğun qərarları partiyanın bugününə və gələcəyinə inamı şərtləndirən əsas amillər sırasındadır. Dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP hədəflərə doğru inamla addımlayaraq, daim ölkəmizin dayanıqlı inkişafına, insanların sosial rifahının gücləndirilməsinə öz töhfələrini verməkdən qürur hissi keçirir.