Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu il fevralın 27-28-də Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq. Səfər ikitərəfli münasibətlər tarixində əlamətdar hadisənin - 22 fevral 2022-ci ildə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasının birinci ildönümünə təsadüf edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in Lavrovun Azərbaycana səfər proqramı ilə bağlı yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Sergey Lavrovun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. Onun xarici işlər naziri Ceyhun Bayramovla danışıqları da nəzərdə tutulub. Danışıqlarda müttəfiqlik münasibətlərinin mütərəqqi inkişafı üçün qarşılıqlı meyllərə əsaslanan ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin hərtərəfli müzakirəsi, regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
“Sergey Lavrov “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” tematik konfransında da iştirak edəcək. Bu tədbir Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində keçiriləcək və iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının ildönümünə həsr olunacaq”, - Rusiya XİN-in məlumatında vurğulanıb.