Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Hilal Əsgərov tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, şəxsi axtarış zamanı saxlanılan şəxsdən 120 qramdan artıq heroin və külli miqdarda metamfetamin aşkar edilərək götürülüb. H.Əsgərov ifadəsində həmin narkotik vasitəni 1500 manat qarşılığında “Instagram” sosial şəbəkəsində tanış olduğu iranlı narkotacirdən əldə etdiyini bildirib.
Belə ki, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotiki götürmək üçün paytaxta gedən H.Əsgərov əvvəlcədən ona deyilən ərazidən bağlamanı götürərərək Mingəçevir şəhərinə qayıdıb. Burada isə polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Məhkəmənin də qərarı ilə H.Əsgərov barəsində həbs qətimkan tədbiri keçirilib.