Şəki şəhəri, Mirzə Fətəli Axundzadə prospektində, "Əlövsət" şirniyyat evinin yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən "Unikal"a verilən məlumata görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə, Şəki bələdiyyəsinə məxsus torpaq sahəsində iki ağacın şəhər sakini Rövşən Məmmədov tərəfindən kəsildiyi və köklərinin çıxarılaraq beton örtüklə örtüldüyü müəyyən olunub.
“Faktla bağlı akt və protokol tərtib olunub və R.Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb”.
Xidmət rəsmisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib. Ağacların qorunub mühafizə olunması məqsədilə Şəki bələdiyyəsinə müvafiq göstəriş verilib.