Cəlilabadda keçirilən əməliyyat tədbirləri nəticəsində xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb olunan 4 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Nəsib Quliyev saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki torbadan ayrı-ayrı bağlamalarda ümumilikdə 2 kiloqram 800 qram heroin, 5 kiloqrama yaxın həşiş qətranı və 4 kiloqram 265 qram marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onun həmin narkotik vasitəni xaricdə yaşayan narkotacirin göstərişi əsasında müxtəlif yerlərə çatdırmalı olduğu müəyyən edilib.
Digər əməliyyat zamanı isə Sumqayıt şəhər sakinləri Rəsul Mədətov, Salman Cəfərov və Rusif Talıbov Cəlilabad şəhəri ərazisində sonuncunun idarə etiyi “Mercedes” markalı avtomobildə saxlanılıblar. Həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan 1 kiloqram 400 qram heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.