Millət vəkili Vahid Əhmədov növbəti dəfə Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşüb.
"Unikal" xəbər verir ki, hər zaman seçicilərinin problemlərinin həll olunmasına qayğı ilə yanaşan millət vəkilinin fəaliyyəti görüşdə iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib və onlar deputata öz minnətdarlıqlarını bildiriblər.
Zizik və İspik kəndinin vətəndaşları onları uzun zaman narahat edən yol probleminin həll olunması istiqamətində böyük təşəbbüs göstərən Vahid Əhmədova dərin təşəkkürlərini ifadə ediblər. Vahid Əhmədov Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə göndərdiyi sorğulara verilmiş cavablara əsasən, Quba rayonu Küsnətqazma kənd orta məktəbinin 2023-cü ilin cari təmir proqramı çərçivəsində təmir işlərinin aparılmasının nəzərdə tutulduğunu bildirib. Sözügedən təhsil müəssisəsinin istilik sistemi və qaz təchizatının təmir edilməsi məsələsinə isə növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində baxılacağını qeyd edib.
Millət vəkili həmçinin, Quba rayonu Küçeyi kənd orta məktəbinə də Elm və Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən baxış keçirildiyini və onların qənaətinə əsasən, məktəb binasının aşınmaya məruz qaldığı qeyd edilib. Elm və Təhsil Nazirliyi Quba rayonu Küçeyi kənd orta məktəbi üçün yeni tədris binasının inşası məqsədəuyğun həsab etdiyindən, məsələyə növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində baxılacağını bildirib.
Görüşdən sonra Quba, Qusar, Şabran və Xaçmazdan gələn 114 nəfər deputat tərəfindən təkbətək qəbul edilərək onların problemləri dinlənilib. Qəbul zamanı qaldırılan məsələlərin əsasını maddi yardım, pensiyaların təyini,sosial müavinətlərin verilməsi,məhkəmə qərarlarının icrası zamanı baş verən qanun pozuntuları,mənzillərin təmiri və tikintisi üçün inşaat materiallarının ayrılması və s.məsələlər təşkil edib. Ötən qəbullardan fərqli olaraq bu dəfəki qəbulda bank borclarını ödəyə bilməyən seçicilərin sayında çoxluq qeydə alınıb. Seçicilər millət vəkilinin bu məsələni Milli Məclisdə qaldırmasını və kredit borcları ilə əlaqədar aztəminatlı ailələrə güzəşt olunmasını xahiş ediblər.
Bütün məsələlər köməkçi tərəfindən qeydə alınıb və həlli üçün deputatın tapşırığına uyğun olaraq müvafiq həll yolları müəyyənləşdirilib. Quba rayonu İcra Hakimiyyətinin rəhbərliyi ilə əlaqə saxlanaraq bir sıra məsələlər yerindəcə həllini tapmış, qalan məsələlərin həlli üçün aidiyyəti təşkilat və qurumlara müraciətlərin hazırlanması tapşırılıb.
Növbəti qəbul aprel ayına planlaşdırılıb.