Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində İsveç Krallığının Stokholm şəhərində səfərdə olan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, İlham Mədətov Azərbaycan Respublikasının İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zaur Əhmədov ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüş zamanı cənab səfirə ATMU – nun beynəlxalq əlaqələri, tədris sistemi və s. haqqında rektor tərəfindən məlumat verilib.
ATMU–nun Avropa Birliyinin Erasmus + proqramı çərçivəsində Şimali Avropadan olan tərəfdaş universitetləri həyata keçirilən tələbə və müəllim mübadiləsi haqqında geniş məlumat verilib.
Nəzərinizə çatdırmaq istəyirik ki, Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində ATMU Finlandiya Respublikasının Kajaani Tətbiqi Elmlər universiteti və eləcə də beynəlxalq təhsil layihəsi çərçivəsində İsveç Krallığının Kral Texnologiya İnstitutu ilə uzun müddətdir əməkdaşlıq edir. Məhz bu əməkdaşlıqlar nəticəsində xeyli sayda ATMU nümayəndəsi mövcud imkanlardan istifadə edərək istər tələbə istərdə inzibati heyət üzvü olaraq uğurlu əməkdaşlıqdan yararlanmışdır.