"Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır".
Bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O qeyd edib ki, Qarabağda yaşayan ermənilər Birinci Qarabağ müharibəsinə qədər də Azərbaycan vətəndaşları olublar:
"Azərbaycan indi də onları öz vətəndaşları hesab edir. Ərazi Azərbaycana məxsusdur. Aydın məsələdir ki, Azərbaycanın orada suveren hüququ var. Azərbaycan digər ərazilərində yaşayan vətəndaşlarına olduğu kimi, Qarabağda yaşayan ermənilərin də hüquq və azadlıqlarının qorunmasına zəmanət verir. Bu barədə Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında da bildirib".
A. Mirzəzadə xatırladıb ki, deputat Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilib:
"O, dövlət idarəçiliyində və siyasi proseslərdə kifayət qədər təcrübəsi olan şəxsdir. Görüşdə onunla yanaşı Azərbaycan hökümətinin nümayəndələri də iştirak ediblər. İlk dəfə həmin zonada yaşayan vətəndaşlarımızın Azərbaycan cəmiyyətinə inteqrasiyası və onların Azərbaycançılıq hüquqlarının bərpa edilməsi məsələləri müzakirə olunub. Qanunsuz istismar edilən faydalı qazıntı yataqlarımızla bağlı məsələ də gündəmdə olub. İlk görüş normal keçib. Bu görüşlərin tək Xocalıda deyil, Azərbaycanın digər ərazilərində, həmçinin Bakıda keçirilməsi də mümkündür. Azərbaycan öz xoşməramını göstərdi və bundan sonra da belə hərəkət edəcək", - deyə o qeyd edib.
Murad İbrahimli