Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində növbəti səfər İsveçin paytaxtı Stokholm şəhərinə baş tutub.
"Unikal" xəbər verir ki, səfər 27 fevral-3 mart tarixlərini əhatə edir. Azərbaycanın 16 ali təhsil müəssisəsindən 32 nəfər nümayəndənin iştirak etdiyi təlimlərdə Azərbaycan Turizm və Menecment Univesitetinin rektoru İlham Mədətov və Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli iştirak edir.
KTH Kral Texnologiya İnstitutunun dəvəti ilə baş tutan səfər ali təhsil sisteminin inkişaf etdirilməsinə, o cümlədən universitetlərdə tədqiqat və karyera inkişafının müxtəlif aspektlərinə həsr olunub.
Səfər gedişində KTH Kral Texnologiya Universiteti və İspaniya Universitetlərindəki tədqiqat fəaliyyəti, tədqiqatda keyfiyyət və innovasiya, tədqiqatçıları dəstəkləyən nəşr infrastrukturu məsələləri barədə müzakirələr aparılmaqdadır.
Qeyd edək ki, EFMD Global qurumunun nümayəndələri tərəfindən sözügedən mövzu barədə iştirakçılarla müzakirələr aparılması nəzərdə tutulmuşdur.
Məlum beynəlxalq səfər çərçivəsində ATMU rektoru İlham Mədətov ölkəmizin İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zaur Əhmədov ilə görüşmüşdür. Görüş zamanı cənab səfirə ATMU–nun beynəlxalq əlaqələri, tədris sistemi və s. haqqında rektor tərəfindən məlumat verilmişdir. Görüş zamanı cənab səfirə xüsusilə ATMU–nun Avropa Birliyinin Erasmus + proqramı çərçivəsində Şimali Avropadan olan tərəfdaş universitetləri həyata keçirilən tələbə və müəllim mübadiləsi haqqında geniş məlumat verilmişdir.