"Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bəlkə də nadir məmurlardandır ki, hər zaman ictimaiyyətə və əməkdaşlığa açıqdır. Səbinə xanım dəfələrlə Milli Məclisin müxtəlif iclaslarında iştirak edib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
"Biz hüquqi dövlətdə yaşayırıq. Ombudsmanın fəaliyyəti konstitusiya qanunu ilə tənzimlənir. Konstitusiya qanunun 14-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Ombudsman öz illik mərzuəsini ölkə Prezidentinə təqdim edir və Milli Məclisin qarşısında çıxış edir. Belə bir hüquq deputatlarımıza da tanınır. Ayın 7-də Səbinə xanım Milli Məclisin plenar iclasında çıxış edən zaman istənilən sualınızı, fikirlərinizi bildirə bilərsiniz. O baxımdan, bunu Səbinə xanımın sizə qarşı hər hansı hörmətsizliyi kimi başa düşməyin. Bu, konstitusion qanunun qoyduğu tələbdir. Qanunda konkret olaraq belə bir öhdəlik müəyyənləşməyib ki, Ombudsman komitə iclaslarına gəlib məruzəni təqdim etməlidir. Məruzəni plenar iclasda təqdim edir", - deyə A.Səfixanlı bildirib.
Anar Kəlbiyev