NATO Xankəndi yaxınlığında baş vermiş insidentlə bağlı narahatlığını ifadə edib.
"Unikal" xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə köməkçisi Xavier Kolomina bildirib.
“Xankəndi yaxınlığında ölümlə nəticələnən insidentlə bağlı xəbərlərdən çox narahatıq. Bu insident həll edilməmiş məsələlərin danışıqlar masası arxasında həllinin vacibliyini nümayiş etdirir. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, - Kolomina qeyd edib.
Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.
Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.