Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) ölkəmizin pandemiya ilə mübarizə sahəsində fəaliyyətindən danışıb.
"Unikal" xəbər verir ki, Ceyhun Bayramov çıxışı zamanı ilk öncə Türkiyə və Suriyada zəlzələ ilə əlaqədar başsağlığı diləklərini çatdırıb.
Daha sonra, tədbirin yüksək səviyyədə təşkilinə görə Qətər Dövlətinə təşəkkür edilib. Bu mötəbər konfransın dünyada hal-hazırda mövcud olan az inkişaf etmiş 46 ölkənin və bu ölkələrdə yaşayan 1.1 milyard əhalinin problemlərinin həlli istiqamətində əhəmiyyətli qərarlar qəbul edəcəyinə inam ifadə olunub.
Nazir Ceyhun Bayramov 10 ildən bir keçirilən bu konfransın yalnız həmrəylik deyil, eyni zamanda inkişaf tərəfdaşlarının az inkişaf etmiş ölkələrin ehtiyaclarının təmin edilməsi üzrə öhdəliklərinin bir daha təsdiq edilməsi və bu sahədə 2022-2031-ci illər üzrə Doha Fəaliyyət Planının icrası üçün vacib tədbir olduğunu diqqətə çatdırıb. Bu 46 ölkədən 39-un Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı üzvləri olduqları xatırlanıb.
Azərbaycanın ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmasına, bir milyona yaxın azərbaycanlının öz dogma torpaqlarından didərgin düşməsinə, minlərlə insanın həlak olmasına, işğalın Azərbaycanın sosial-iqtisadi rifahına dağıdıcı təsirlərinə baxmayaraq, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin çətinliklərin öhdəsindən gəldiyi, yardım alan ölkədən donor ölkəsinə çevrildiyi qeyd olunub.
Azərbaycan Respublikası tərəfindən 130-a yaxın ölkəyə səhiyyə, təhsil, texniki və humanitar sahələrdə göstərilən yardımlar diqqətə çatdırılıb.
Azərbaycanın İstanbul Fəaliyyət Planı və Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində praktiki töhfələri qeyd olunub. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan Hökuməti tərəfindən təqaüd proqramları barədə məlumat verilib, 21 ən az inkişaf etmiş ölkənin diplomatları üçün təlimlər keçirildiyi vurğulanıb.
COVID-19 pandemiyası dövründə ölkəmizin donorluq fəaliyyəti, Qlobal Pandemiya ilə mübarizə sahəsinə töhfələri barədə ətraflı məlumat verilib. Pandemiya ilə əlaqədar Azərbaycanın 80 ölkəyə maddi və humanitar dəstək göstərdiyi, 14 ölkəyə 1 milyon doza vaksin təklif etdiyi bildirilib.
2 may 2023-cü il tarixində Qoşulmama Hərəkatının “COVID-19”-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilmiş Zirvə görüşü zamanı ölkələrin pandemiyalar zamanı həmrəylik nümayiş etdirməsi baxımından əhəmiyyət daşıdığı vurğulanıb. Azərbaycanın Zirvə görüşü zamanı Afrika, habelə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım üzrə fond yaradılması təşəbbüsü ilə çıxış etdiyi, bu fondların hərəsinə 1 milyon ABŞ dollar vəsait ayrıldığı çıxış zamanı qeyd edilib, Azərbaycanın bu təşəbbüslərinə dəstəyin zəruriliyi diqqətə çatdırılıb.