Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Müdafiə Nazirliyi bir daha bəyan edib ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, mina, təminat və digər hərbi vasitələrin çatdırılması, eləcə də bu yolla döyüş mövqelərinə şəxsi heyətin daşınması və rotasiyası Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir: “Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaq.
Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha təsdiq edir”.