"Qarabağda baş verən son hadisələrdə Rusiyanın və İranın barmağı olduğunu düşünürəm".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Rusiya və İranın məqsədi Azərbaycanın daxili sabitliyini pozmaqdır:
"Baş verən proseslərdə "baş rejissor" rolunu rus sülhməramlıları adlanan qüvvələr oynayır. Biz onların alternativ yolla yanacaq və silah-sursat daşıdıqlarını sübut etmişik. Son toqquşma hadisəsi zamanı da məqsəd daşıma işlərinə rəhbərlik edən "UAZ" markalı maşının yoxlanılması idi. Birinci atəşi ermənilər açdı. Onlar cavab atəşi ilə məhv edildilər. Demək olar ki, həmin vəziyyət davam edir. Həmçinin onu da xatırladaq ki, ermənilər danışıqlar zamanı öz iddialarını artırıblar".
Q. Hüseynli qeyd edib ki, son hadisələr zamanı Azərbaycan üçün ən xoşagəlməz cəhət Rusiyanın ölkəmizi qınaması olub:
"Halbuki, onlar öz sülhməramlılarını qınamalı idilər. Azərbaycan Müdafiə Nazirliyi də bu barədə sülhməramlılara xəbərdarlıq edib. Alternativ yola nəzarət edən və oradan yüklərin daşınmasını təmin edən də məhz sülhməramlılar idi. Rusiyalı politoloqlar isə bu məsələdə Azərbaycanı günahkar çıxaran fikirlər söylədilər. Bütün bunlar onu göstərir ki, Rusiya Qarabağdan kart kimi istifadə edir. O, bu kartı açıq oynamaqla Qərbin bu regiona təsirinin qarşısını almağa çalışır.
Cənubi Qafqaz Rusiya üçün açar rolunu oynayır. Rusiya dövlətinin rəsmi mövqeyini müdafiə edən politoloqlar bildirir ki, onlar bu regiondan çıxıb getməyəcəklər. Onlar Avropa İttifaqının iştirakı ilə keçirilən görüşlərdə əldə olunan razılıqları pozmağa çalışırlar. Çox təhlükəli proseslər gedir. Ermənilər isə sülh müqaviləsindən danışsalar da, əslində vaxt udmağa çalışırlar", - o deyib.
Murad İbrahimli