Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
"Unikal" xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, universitetin fəaliyyət istiqamətləri, ixtisaslar, təhsil formaları, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Dövlət Gömrük Komitəsinin sədri ilə Ümumdünya Gömrük Təşkilatının Baş katibinin universitetə səfərinin və tələbələrlə görüşünün xüsusi vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov tələbələrlə görüşdən məmnunluğunu ifadə edərək, UNEC-də aparılan islahatları yüksək qiymətləndirib. UNEC ilə Dövlət Gömrük Komitəsinin Akademiyası arasındakı əməkdaşlığı diqqətə çatdıran komitə sədri, bu əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.
Ş.Bağırov tələbələrə Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi və tranzit gömrük prosedurunun sadələşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.
Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya beynəlxalq gömrük sistemi və beynəlxalq ticarətlə bağlı həyata keçirilən layihələrdən bəhs edib. Sonra tələbələrin inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün tarifsiz sərhədin tətbiqi, sadələşdirilmiş tranzit qaydaları və s. barədə suallarını cavablandırıb.
Görüşün sonunda Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya “UNEC-in Fəxri doktoru” diplomu təqdim olunub.