Martın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Şağlakücə kənd inzibati ərazi dairəsinə daxil olan Şağlakücə və Bəlləbur kəndlərinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. 

Taleh Qaraşov qəbul-görüşdə iştirak edən vətəndaşların müraciətlərini həssaslıq, səbr və diqqətlə dinləyib. Bildirilib ki, qaldırılan bütün məsələlərə nəzarət olunur və hər bir müraciətin nəticəsi barədə vətəndaşlara qanunamüvafiq formada cavablar veriləcək.

Icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan bütün məsələlər yerindəcə həllini tapıb, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə səlahiyyətli şəxslərə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlamaq tapşırılıb. 

Kənd sakinləri də keçirilən qəyyar qəbul-görüşdən razılıqlarını ifadə edərək onlara fikir və istəklərini rahat, sərbəst söyləyə bildikləri üçün yaradılan şəraitə görə təşəkkürlərini ifadə ediblər. 

Hər zaman dövlətin və dövlətçiliyin yanında olan, dövlətimizin başçısının siyasi kursuna sadiqliyi ilə seçilən Şağlakücə və Bəlləbur kəndlərinin sakinləri onlara göstərilən diqqət və qayğıya, eləcə də sosial-iqtisadi vəziyyətlərinin günü-gündən inkişaf etdiyinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını vurğuladılar.