65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə deputat, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov martın 28-də Sabirabad rayonunda seçicilərlə növbəti görüş keçirib.
"Unikal" xəbər verir ki, YAP Sabirabad rayon təşkilatında keçirilən görüşdə akademik Əhliman Əmiraslanov son illər ölkəmizdə, eləcə də Sabirabadda aparılan geniş quruculuq işlərindən söhbət açaraq göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə etmişdir. Görüş zamanı millət vəkili seçicilərin müraciət və təkliflərini dinləmiş, onları maraqlandıran sualları cavablandırmış, sakinlərin qaldırdıqları problemlərin həlli ilə bağlı görülməkdə olan işlər barədə məlumat vermişdir.
Görüşdə iştirak edən seçicilər onları narahat edən məsələlərə çox həssas yanaşdığına görə millət vəkilinə minnətdarlıq etmişlər. Sonra sakinlər müxtəlif səpkidə olan problemlərin həlli ilə əlaqədar deputatdan kömək istəyiblər. Görüş iştirakçıları bəzi kəndlərdə məktəblə bağlı problemləri, müxtəlif sosial məsələləri səsləndiriblər. Sabirabadlı seçicilər həmçinin səhiyyə sahəsində müəyyən yardım istəyiblər. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.
Görüşdə Sabirabad rayonu icra hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və deputatın köməkçisi Raqif Xəlilov iştirak edib.