Xəbər verdiyimiz kimi, bu gün Baş nazir Əli Əsədovun qərarı ilə zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.
Beləliklə, artıq ölkəyə istehsal ili 2013-dən aşağı olan maşınların gətirilməsinə icazə verilməyəcək.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu qərarın məntiqi ölkəyə daha yeni və ekologiyaya daha az ziyan vuran avtomobillərin gətirilməsini təmin etməkdən ibarətdir:
"Əslində, belə qərarları avtomobil istehsalı olan ölkələr verir. Bizdə isə ümumiyyətlə, avtomobil istehsalı anlayışı yoxdur. Beləliklə, bu qərarın verilməsi nəticəsində köhnə avtomobillərin, yəni istehsal ili 2013-dən aşağı olan maşınların qiymətində ciddi artım müşahidə edəcəyik.
Yeni avtomobillərin qiyməti daha bahadır. Alıcılıq qabiliyyətinə görə insanlar həmişə daha ucuz avtomobillərə üstünlük verirlər", - deyə o qeyd edib.
Murad İbrahimli