Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüb.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, bir müddət sonra Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradacaq:
"Orada gömrük orqanları və həmçinin digər qurumlar təmsil olunmalıdır. Eyni zamanda, istisna olunmur ki, təhlükəsizlik məsələlərinə bir müddət sülhməramlılar nəzarət edəcək. Yəni, biz burada bölgü aparmalıyıq. Giriş-çıxış, sərhəd qanunlarına uyğun fəaliyyəti bizim dövlət qurumları həyata keçirməlidir.
Beynəlxalq təcrübə onu göstərir ki, sülhməramlı əməliyyat heç vaxt sərhəd funksiyalarını həyata keçirmir. Bu baxımdan biz də istisna olmamalıyıq. Sülhməramlılar yalnız təhlükəsizliyi təmin edirlər.
Beynəlxalq qurumlar iki məsələni bir-birinə qarışdırıblar: Nəzarət və blokada. Azərbaycan tərəfi hər zaman bəyan edir ki, bizim məqsədimiz nəzarətdir, blokada yoxdur və ola da bilməz", - deyə o qeyd edib.
Murad İbrahimli