Qusar rayonunda meliorativ tədbirlər görülür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov "Unikal"a bildirib ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yeni mövsümə hazırlıq işləri görülür. Bu məqsədlə torpaq məcralı kanallar lil və kol-kosdan təmizlənir. İstismar planına əsasən cari ildə 680 min kubmetr lildən təmizləmə işlərinin görülməsi nəzərdə tutulub. Artıq bu işlərin böyük hissəsi görülüb.
Yeni suvarma mövsümünə hazırlıq məqsədi ilə görülən işlərdən biri də torpaq kanalların beton üzlüyə alınmasıdır. Bu da öz növbəsində su istehlakçılarını vaxtında və itkisiz suvarma suyu ilə təmin etməyə imkan verir.
Vaxtında görülən meliorativ tədbirlərin nəticəsidir ki, artıq əvvəllər yaşanan problemlər aradan qalxıb. Hazırda təsərrüfat sahibləri sahalərini suvarmaqda heç bir çətinlik yaşamırlar. Bu da öz növbəsində daha çox məhsul istehsalına zəmin yaradır.
Bununla yanaşı rayon ərazisindən keçən çayların daha çox təhlükə gözlənilən hissələrində daşqın və selə qarşı mübarizə tədbirləri görülərək, çay məcraları tənzimlənir, sahilqoruyucu və su istiqamətləndirici bəndlər qurulur. Qeyd edək ki, Qusar rayonunda 29 min 300 hektar suvarılan ərazi mövcuddur. Bu sahələr 1579 km uzunluğunda olan kanallar vasitəsi ilə suvarılır. Bu kanalların 1381 km-i torpaq, 187 km-i isə beton məcralıdır.