Xətai rayonunda Aprel şəhidlərinin anım günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, Dövlət Təhlükəsizlik Xidməti Xətai rayon İdarəsinin rəisi Hümbət Əliyev, şəhid ailələri, qazilər iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd edib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2000 hektarlıq ərazini azad etmişdir. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyətindən biri də bu qələbə sayəsində "Böyük Qayıdış" prosesinin başlanğıcı qoyuldu. 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi Zəfər qazanıldı, ədalət bərpa edildi. Aprel döyüşləri 2020-ci ilin noyabrında qazanılan Zəfərin başlanğıcı idi. Döyüşlər zamanı Xətai rayonu 11 şəhid verib. Bu gün şəhidlərimiz xalqımızın qürur və iftixar yeridir.
Digər çıxış edənlər qeyd ediblər ki, xalqımız Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının rəşadət və şücaətlərini yüksək dəyərləndirir, şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına, dövlət başçımıza, ailəsinə və millətimizə Uca Allahdan xeyir-dualar diləyir.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid ailələri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.