Çin Neft Universitetinin rektoru professor Çen Fengin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
"Unikal" xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov öncə Ali Məktəbin kampusu ilə tanış olan nümayəndə heyətinə burada yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə ətraflı məlumat verib. Sonra keçirilən görüşdə Elmar Qasımov Çin Neft Universiteti ilə BANM arasında əməkdaşlığa toxunaraq bildirib ki, 2018-ci ildən etibarən həyata keçirilən bu əməkdaşlıq çox uğurludur və böyük perspektivləri var. Rektor xatırladıb ki, BANM-in tələbələri Çin Neft Universitetinin təşkil etdiyi beynəlxalq yarışlarda uğurları ilə fərqlənib, mükafatlara layiq görülüb, həmçinin BANM-in 5 məzunu Çin Neft Universitetinin müxtəlif ixtisaslarında magistratura səviyyəsində təhsil alıb.
Elmar Qasımov BANM ilə Çin şirkətləri və universitetləri arasındakı əməkdaşlıqdan da bəhs edərək qeyd edib ki, Çinin aparıcı İT şirkəti olan “Huawei” ilə BANM arasında uğurlu əməkdaşlıq mövcuddur: “2019-cu ildən başlayan əməkdaşlıq çərçivəsində şirkət tədris və tədqiqat məqsədləri ilə istifadə oluna bilən laboratoriya avadanlıqlarını BANM-ə hədiyyə edib.Tələbələrimiz şirkətin təşkil etdiyi bir sıra yarışlarda da uğurları ilə daim seçilib, qalib olaraq sertifikat və hədiyyələrə layiq görülüblər. Bundan başqa, bu tədris ilində Neft-qaz mühəndisliyi ixtisasında (magistratura səviyyəsində) hökumətlərarası təqaüd proqramı əsasında təhsil almaq üçün 3 çinli tələbə Ali Məktəbimizə qəbul olunub. Bu, BANM üçün ilk belə təcrübədir və inanırıq ki, Ali Məktəbin gündən-günə artan nüfuzu gələcəkdə daha çox sayda Çin vətəndaşının müxtəlif ixtisaslarda təhsil almasına imkan verəcək. Bir sözlə, BANM-də çinli tələbələrin sayının artmasında maraqlıyıq”.
Çin Neft Universitetinin rektoru professor Çen Feng Bakı Ali Neft Məktəbində yaradılan şəraiti yüksək qiymətləndirərək əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb. Bildirib ki, pandemiya bitəndən sonra ilk xarici səfərini məhz Azərbaycana, Bakı Ali Neft Məktəbinə edib. Rektor Ali Məktəbin qısa müddətdə sürətli inkişaf yolu keçdiyini xüsusi vurğulayıb. O, BANM -in gələcəyinin parlaq olduğuna əminliyini bildirib.
Daha sonra görüş geniş tərkibdə davam etdirilib. Çin Neft Universiteti ilə bağlı təqdimat olub. Qeyd edilib ki, bu universitetdə də tədris istehsalatla sıx əlaqədə həyata keçirilir.
Çen Feng bəyan edib ki, 1953-cü ildə yaradılan Çinin ilk Neft Universitetinin bu il 70 yaşı tamam olur. O, bu münasibətlə Pekində keçiriləcək yubiley tədbirinə Elmar Qasımovu da dəvət edib. BANM-in rektoru isə bu dəvəti böyük məmnuniyyətlə qəbul edib. Çinli rektor Dünya Enerji Universitetləri Şəbəkəsinin fəaliyyətində aktiv olmağı, qarşılıqlı mübadilə proqramlarının həyata keçirilməsi üçün mexanizmin hazırlanması, tələbələrin elmi- tədqiqat layihələrinin dəstəklənməsini, ölkəsində keçirilən 700-ə yaxın universitetin qatıldığı karbon neytrallaşması ilə əlaqədar yarışda Bakı Ali Neft Məktəbinin iştirakını təklif edib.
Sonda Çin Neft Universitetinin rektoru Çen Fengə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq“ plaketi təqdim olunub.