AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov və Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev 2023-cü il 20-23 aprel tarixlərində Daşkənd şəhərində Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi, Daşkənd Dövlət Nəqliyyat Universiteti və Dəmir Yolu Nəqliyyatı Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Dəmiryolu Nəqliyyatı: problemlər, həlli yolları, perspektivləri” (Вторая Международная Научно-Техническая Конференция Железнодорожный Подвижной Состав: проблемы, решения, перспективы) adlı 2-ci beynəlxalq elmi-texniki konfransda iştirak ediblər.
"Unikal" xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən akademik Ə.Abbasov Azərbaycan və Özbəkistan arasında sıx elmi və mədəni əlaqələrin olmasını qeyd edərək bu istiqamətdə Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə rəhbərlik etdiyi elmi müəssisə arasında həyata keçirilən ikitərəfli əməkdaşlıq əlaqələrindən bəhs edib. Müasir dövrdə nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışan akademik 24-26 may 2023-cü il tarixlərində Bakı şəhərində hibrid formada keçiriləcək Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 2-ci beynəlxalq konfrans (PLMO 2023) barədə məlumat verib. Sözügedən elmi müəssisələrin birgə ərsəyə gətirdiyi “Milli Rəqəmsal Logistika platforması” layihəsindən söz açan Ə.Abbasov konfransa öz işində müvəffəqiyyətlər arzulayıb.
Konfransın plenar iclasında T.Babayev “CAREC ölkələrində nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasına müasir yanaşmalar” (Современные подходы к цифровизации транспортных коридоров в странах CAREC Ali Abbasov, Tofig Babayev, Valery Virkovski, Rustam Rahimov) mövzusunda çıxış edib. T.Babayevin, həmçinin Özbəkistan dövlət televiziyasına müsahibəsi baş tutub.
Konfrans çərçivəsində akademik Ə.Abbasov və Özbəkistanın Nəqliyyat nazirinin müavini cənab Corıyev Jasurbek arasında İSİ və Daşkənd Nəqliyyat Universitetinin birgə hazırladığı “Milli Rəqəmsal Logistika platforması” layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Cənab C.Jasurbek sözügedən layihə ilə əlaqədar əməkdaşlığın vacibliyini qeyd edərək təmsil etdiyi müəssisənin İSİ ilə əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu qeyd edib.
Bundan əlavə, konfransın işində iştirak edən və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və rəqəmsallaşdırılması problemləri ilə məşğul olan müxtəlif ölkələrin 10-dan çox elmi-tədqiqat təşkilatlarının nümayəndələrilə əməkdaşlıq barədə görüşlər keçirilib.
Konfransın növbəti günü seksiya iclasında T.Babayev HORİZON EUROPE nəqliyyat dəhlizlərində iştirak etmək imkanları barədə çıxış edib. O, müxtəlif yerli və xarici institut və təşkilatların nümayəndələrilə görüşlər keçirərək ikitərəfli elmi əməkdaşlıq barədə müzakirələrdə iştirak edib.
Qeyd edək ki, 14 xarici ölkədən 150-dən çox tədqiqatçının iştirak etdiyi konfransın iştirakçıları Daşkənd və Buxaranın görməli yerləri ilə tanış olublar.